Xiaomi, incə dizaynı ilə diqqəti cəlb edən Powerbankı təqdim etdi
Xiaomi portativ şarj stansiyaları bazarında yeni məhsulu ilə ortaya çıxdı. Xiaomi Ultra-Thin Powerbank, adından da göründüyü kimi, nazik dizaynı ilə diqqət çəkən bir cihazdır. Cəmi 10 mm qalınlığında və 93 qram ağırlığında olan bu powerbank, hətta köynəyin cibində də asanlıqla daşına bilər. Metalləşdirilmiş örtüyü sayəsində həm də qəşəng və parlaq bir görünüşə malikdir.
Xiaomi Ultra-Thin Powerbankın Xüsusiyyətləri
Ultra-Thin Powerbank 5000 mAh tutumlu batareyaya malikdir. Bu batareya 20W çıxış gücü və 18W giriş gücü təklif edir. Beləliklə, həm sürətli enerji vermə, həm də sürətli enerji qebul etməni təmin edir. Cihazın tək USB Type-C portu var və bu port həm giriş, həm də çıxış kimi istifadə edilə bilər. Qutunun tərkibinə USB Type-C-dən USB Type-C kabeli də daxildir.
Xiaomi Ultra-Thin Powerbank həmçinin təhlükəsiz istifadə üçün fərqli qoruma funksiyalarına malikdir. Yüksək temperatur, qısaqapanma, həddindən artıq gərginlik, həddindən artıq yüklənmə kimi hallarda cihaz avtomatik olaraq bağlana bilir. Ultra-Thin Powerbank-ın qiyməti cəmi 20 dollar müəyyən edilib.