
Azerconnect Group və dünya texnologiya nəhəngi NVIDIA arasında imzalanan müqavilə ilə GeForce NOW bulud oyun xidməti rəsmi olaraq Azərbaycana gəlir.
Əməkdaşlığın ilkin mərhələsində GeForce NOW xidmətini təqdim etməklə Azerconnect Group rəqəmsal xidmətlər portfelinin genişləndirilməsi istiqamətində önəmli addım atmış olacaq.
Bu o deməkdir ki, artıq yerli oyunçular güclü kompüterə ehtiyac duymadan, sadəcə internet bağlantısı vasitəsilə ən müasir oyunları ən yüksək keyfiyyətdə (4K, 120 FPS) oynaya biləcəklər. Həmçinin, bu əməkdaşlıq təkcə oyunla məhdudlaşmır, həm də ölkəmizdə Süni İntellekt (AI) və 6G infrastrukturunun inkişafını nəzərdə tutur.
GeForce NOW nədir?
GeForce NOW NVIDIA tərəfindən hazırlanmış bulud oyun xidmətidir və oyunçulara bahalı avadanlıq tələb etmədən yüksək keyfiyyətli, qrafika intensiv oyunlar oynamaq imkanı vermək üçün nəzərdə tutulmuşdur. Oyunu yerli cihazınızda idarə etmək əvəzinə, GeForce NOW oyunu güclü NVIDIA serverlərindən birbaşa cihazınıza ötürür.
Mənbə: Azerconnect Group





